Azərbaycanda şpris istehsal ediləcək
“Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparılır. Artıq həmin şirkətlər tərəfindən müvafiq biznes plan və əsaslandırma sənədləri hazırlanır”.
“Marja” xəbər verir ki, bunu iqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və əczaçılıq sənayesinin inkişaf etdirilməsi barədə sualları cavablandırarkən bildirib.
QİYMƏTLƏR TƏNZİMLƏNƏNDƏN SONRA XARİCİ İNVESTORLARIN MARAĞI ARTDI
Nazirin sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, əhalinin rifah səviyyəsi yüksəldikcə insanlar öz sağlamlığına daha çox diqqət yetirirlər və nəticə etibarilə dərman vasitələrinin istehlakı artır.
“Azərbaycan 10 milyona yaxın istehlakçısı olan, daxili tələbatı ilbəil artan və dinamik inkişaf edən dərman vasitələri bazarına malikdir. Daxili tələbatın ödənilməsi məqsədilə dərman vasitələrinin mütləq əksəriyyətinin idxal olunması bu sahədə yerli istehsalın təşkili məsələsini də aktuallaşdırır. Eyni zamanda, dərman vasitələrinin istehsalı ilə bağlı əlverişli investisiya mühitindən danışarkən, - potensial investorların da vurğuladığı kimi, - ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin və hazırda pilot layihə kimi başlayan icbari tibbi sığorta sisteminin gələcəkdə tam tətbiqinin üstünlükləri nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, məhz qeyd edilən istiqamətlərdəki tədbirlərdən sonra ölkəmizdə dərman vasitələrinin istehsalına xarici investorların marağı əhəmiyyətli dərəcədə artıb”.
İKİ ZAVODUN TİKİNTİSİNƏ 100 MİLYON DOLLAR
Şahin Mustafayev qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır:
Bu məqsədlə xüsusi olaraq Pirallahı Sənaye Parkı yaradılıb. Qeyd edim ki, ötən ilin noyabr ayında sənaye parkında Rusiya ilə birgə müəssisənin - Almaniya və İtaliyanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunmasını nəzərdə tutan əczaçılıq zavodunun təməli qoyulub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus və diareya əleyhinə preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə, zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman vasitələri istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsal daha da genişləndiriləcəkdir.
Layihənin reallaşdırılmasında qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq və müvafiq beynəlxalq norma və qaydalara uyğun yeni nəsil dərman istehsalı təcrübəsi tətbiq ediləcəkdir.
Bununla yanaşı, yanvar ayında İran ilə də birgə müəssisə formasında əczaçılıq zavodunun təməlinin qoyulması nəzərdə tutulur. İstehsal müəssisəsinin yaradılmasının mərhələli şəkildə icrası planlaşdırılır. Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə daha geniş çeşiddə antibiotik dərmanların istehsalı planlaşdırılır. Layihənin birinci mərhələsinin dəyəri 20,5 milyon ABŞ dolları təşkil edəcəkdir və bu zaman 54 təsiredici maddə üzrə 84 çeşiddə ağrıkəsici, vitamin, iltihab əleyhinə vasitə və antibiotik, kardiovaskulyar, antihistamin və antiallergik, qan təzyiqi problemləri, göbələk, sinir sistemi və qastroenteroloji xəstəliklərə qarşı dərman vasitələri istehsal ediləcəkdir.
“QABLAŞDIRMANIN TƏŞKİLİNDƏ MARAQLIDIRLAR”
Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparılır. Artıq həmin şirkətlər tərəfindən müvafiq biznes plan və əsaslandırma sənədləri hazırlanır. Eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin təşkilinə aparıcı Avropa şirkətlərinin cəlb edilməsi istiqamətində işlər görülür. Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Almaniya və İsveçrəyə səfər edərək potensial tərəfdaş şirkətlərlə müzakirələr aparıb. Qeyd edilən görüşlərdə Almaniya və İsveçrə şirkətləri Azərbaycanda əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığa dair maraqlarını ifadə ediblər. Məsələn, dünyanın bir sıra aparıcı əczaçılıq şirkəti ölkəmizdə yaradılacaq əczaçılıq istehsalı müəssisəsində patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkilinə maraqlarını bildiriblər.
Əczaçılıq zavodları ilə yanaşı, tibbi təyinatlı digər məhsulların da ölkəmizdə istehsalına investorlar tərəfindən maraq var. Məsələn, hazırda birdəfəlik şprislərin istehsalı layihəsinin icrası ilə bağlı işlər aparılır.
Ümumiyyətlə, Azərbaycanda yaradılacaq dərman istehsalı zavodları ölkəmizin əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







