"30 manata satanda, mənə 10 manat xeyir qalır" - BAL YARMARKASINDAN REPORTAJ
Bu dəfə yarmarkaya 371 sahibkar 150 ton bal çıxarıb
Bal yarmarkasındayıq. Bal ətrinin bihuşedici qoxusu altında şirin alış-veriş gedir...
- Buyurun, dağ çiçəklərindən çəkilmiş təmiz balımızın dadına baxın…
- Bu, cökə balıdır, min bir dərdin dərmanıdır, bu baldan bir qaşıq yeyənin canı heç zaman ağrı-acı görmür…
Satıcılar əllərindəki qaşıqla kəhrəba rəngli balı həvəslə yuxarı qaldıraraq süzür, müştəriləri məhz onun satdığı balın daha yaxşı olmasına inandırmağa çalışırlar.
Kimisi deyir, satdığı bal yüzlərlə dağ çiçəyindən toplanıb, qiymətsizdir, kimisi deyir, şəfa mənbəyidir, alan heç zaman uduzmaz…
Arıçılar alver hayında, alıcılar ciblərinə uyğun bal axtarışında
Oktyabrın 8-dən etibarən Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkası öz işinə başlayıb. Rəsmi məlumatlara görə, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub.
Yarmarkada müxtəlif qiymətlərə bal var. Amma alıcılar öz ciblərinə uyğun bal axtarışındadırlar və çox diqqətlidirlər. Balın qiymətdə ucuz, keyfiyyətdə daha yaxşı olması üçün bir xeyli çək-çevir edirlər...
O balı heç vaxt 100 manatdan aşağı satmazdım
Daşkəsənli arıçı Qüdrət Mustafayev deyir ki, satdığı bal cökə, çiçək, beçə, çəmən balıdır. Yarmarkanın yeni başlamasına baxmayaraq, artıq müəyyən qədər bal satıb.
"Naxçıvanın təbiəti arıçılıq üçün çox əlverişlidir” deyən Naxçıvanın Babək rayonundan gəlmiş arıçı Göynük çiçək balı satır və 75 arı pətəyindən 100 kiloqrama yaxın məhsul yığıb: "Arımın çox olmasına baxmayaraq, az məhsul götürmüşəm. Çünki bu il bal az oldu. Güman edirdik ki, bu il məhsuldarlıq yaxşı olacaq, amma sonradan təbiətdə baş verən dəyişiklik bunun əksini göstərdi”.
Bal almaq üçün satıcıya yaxınlaşan müştəri qiymətlərlə tanış olduqdan sonra balın baha satıldığını söyləyərək almaqdan vaz keçir. Məlum oldu ki, balın qiyməti 25-35 manat arasında dəyişir, o isə 1 kilo bala 15 manatdan çox vermək istəmir.
Hazırda heç bir yerdə 15 manata bal olmadığını söyləyən arıçı Bayram İsmayılov sözlərinə onu da əlavə etdi ki, bu qiymətə bal varsa, deməli, saxtadır: "28 ildir arıçılıqla məşğulam və onu saxlamağın necə əziyyətli bir iş olduğunu bilirəm. 48 pətək arım var, yaz fəslindən etibarən evdən çıxıram və müxtəlif rayonlarda - Ağsu, Beyləqan, Füzuli, Ağcakənd zonalarında onları gəzdirirəm. Bu isə əlavə xərc tələb edir və mən balın bir kilosunu 30 manata satanda oradan ancaq mənə 10 manat xeyir qalır”.
Arıçı onu da xüsusilə vurğuladı ki, hazırda Bərdə rayonunda yaşasa da, əslən Kəlbəcər rayonundandır və əgər indi burada Kəlbəcər balı satmalı olsaydı, onu 100 manatdan aşağı verməzdi: "Elə olurdu ki, 1 yeşikdən 40-50 kiloqram bal alırdım. Kəlbəcərin dağlarında bitən gülləri, çiçəkləri, kəklikotunu, qantəpəri, gülxətmini haradan alım indi?! Arzum budur ki, inşallah, öz yurdumuza qayıdaq və min dərdə dəva olan xalis balımızı da alıcılara təqdim edək”.
Satdığı bala yüz faiz təminat verir
Alıcıların Lerik balına da yüksək dəyər verdiyini deyən Lerik Arıçılar Assosiasiyasının sədri Ələkbər Salayev məlumat verdi ki, 20 ildən artıqdır arıçılıqla məşğuldur və təsərrüfatında 150-yə yaxın arı pətəyi var: "Bu il quraqlığa görə arı məhsulları az olsa da, 19-cu sərgi-satış yarmarkasında iştirak edirəm və 150 kiloqrama yaxın yüksəkkeyfiyyətli dağ çiçəyi balı gətirmişəm”.
Leyli Abbasova bildirdi ki, onlar nəsillikcə arıçı olublar, hazırda isə o özü təkcə yarmarkaya 400 kiloqrama yaxın xalis bal gətirib. Satdığı bala yüz faiz təminat verən Leyli xanım dedi ki, qiymətlər 10-50 manat arasında dəyişir ki, bu da balın növünə müvafiqdir.
Diqqətimizi üzərində biyan balı yazılmış bal çəlləyi çəkir. İmişlidən gəlmiş arıçı söylədi ki, bu baldan istifadə edənlər heç zaman qrip olmur. O, biyan, yağtikanı və yulğundan çəkilib.
Təmiz balı tanımağın asan üsulu
Alıcı Tofiq İmanov söyləyir ki, bayaqdan yarmarkanı başdan-ayağa gəzsə də, hələlik bal almağa tərəddüd edir: "Ay qızım, indi təmiz bal almaq asan deyil, çünki onu saxtasından ayırmaq çətindir. Bilirəm ki, burada satılan ballara nəzarət var və rahatlıqla ala bilərəm, amma çalışıram ki, uyğun qiymətə keyfiyyətli bal alım”.
Saxta bal demişkən, bu, alıcıları çox narahat edən bir məsələdir. Odur ki, saxta balla təmiz balı bir-birindən ayırmaq üçün istifadə edilən üsulları peşəkarların özündən öyrənməyə çalışdıq.
Arıçılar dedilər ki, saxta balla təmiz balı bir-birindən ayırmaq üçün müxtəlif üsullar var. Məsələn, balı əlinin üzərinə sürtürsən, əgər dəri onu özünə çəkirsə təmiz, əksinədirsə saxtadır. Kibrit dənəsini balın içərisinə batırıb bir müddət saxlayırsan, sonra həmin kibriti yandıranda yanırsa və bal da süzülüb tökülürsə, deməli, təmizdir. Digər bir üsul isə bir qaşıq balı boşqaba qoyub üzərinə su tökürsən və onu silkələyəndə arı pətəyinin üzərindəki altıbucaqlı fiqur alınırsa, deməli, saxta deyil. Həmçinin normal balda şəkərin miqdarı 21 faiz olur. Əgər ondan artıqdırsa, tutaq ki, 50 faiz, deməli, o şəkər tozundan çəkilib və şəkər xəstələrinin belə bir baldan hətta bir qaşıq belə yeməsi çox təhlükəlidir.
1 qramında 45 kiloqram qoyun ətinin kalorisi var...
Qeyd edək ki, yarmarkada balla yanaşı digər arı məhsulları da satılır. Məsələn, propolisdən hazırlanan dərmanlar, məlhəmlər, çiçək tozu, mum, arı südü, yağı, bal qaymağı və sair. Həmçinin bildirilir ki adıçəkilən məhsullar insan sağlamlığı üçün olduqca faydalıdır. Məsələn, propolisin mədə-bağırsaq xəstəliklərinin dərmanı, çiçək tozunun 1 qramında isə 45 kiloqram qoyun ətinin kalorisi olduğu bildirilir. Qramı 5 manata satılan arı südü isə piştaxtalarda yox, soyuducuda saxlanılır və onun bütün dərdlərə dərman olduğu bildirilir. Arının şanı isə kilosu 25 manatdan hesablanaraq, müxtəlif qiymətlərə təklif olunur. Diqqət etdik ki, alıcılar balla yanaşı, bu kimi arı məhsullarına da maraq göstərirlər.
Beləcə, saatlar günortaya yaxınlaşırdı və yavaş-yavaş yarmarkalar alıcı ilə dolurdu. Satıcılarla müştərilər arasında bəzən qiymətlə bağlı narazılıq olsa da, yekunda sövdələşərək razılaşırlar, üstəlik də bir barmaq baldan dadandan sonra, necə deyərlər, dillərini şirin edirlər...
Məlumat üçün bildirək ki, yarmarkada bölgələr üzrə 5 çadır fəaliyyət göstərir və ümumilikdə satış üçün 150 ton bal çıxarılsa da, məhsuldan 30 tonunun Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keyfiyyətsiz olduğu üzə çıxarılıb və yığışdırılıb. Daha çox arı məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub. Ümumilikdə isə Azərbaycanda 271.682 arı ailəsi var və hər arı ailəsindən illik məhsuldarlıq orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı 3.000 ton, bal istehlakı 5.000 tondur. Ən çox arı ailələri Zaqatala (1.7097), Astara (12.429), Qax (9.125), Lerik (8.669) və Balakəndədir (8.581).
Tofiq Bəhramov adına stadionda təşkil edilən 19-cu Respublika Sərgi-Satış Yarmarkası oktyabr ayının sonunadək davam edəcək.
© "Azərbaycan”
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
13 d. əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 26 d. əvvəl
-
26 d. əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
33 d. əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
52 d. əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
59 d. əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan sığorta bazarının həcmi ötən il 1,5 milyard manata çatıb
-
1 saat əvvəl
Regional bank Azərbaycanın iştirakçı olduğu layihəyə 50 milyon dollar ayıracaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
Ən çox oxunanlar
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER
Azərbaycanın Ermənistana ötənilki ixracının dəyəri açıqlanıb
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək


















