Üzvlərin 83 faizi uduzur,17 faizi udur
Son dövrlər geniş yayılan şəbəkə biznesi cəmiyyətdə ciddi narahatçılıq doğurmaqdadır. Hətta insanların aldadılma faktları çox olduğu üçün bu cür əməllərə görə cinayət işi də açılır.
Məsələnin mahiyyəti bundan ibarətdir ki, şəbəkəyə daxil olan şəxslər məhsulu baha qiymətə aldıqdan sonra onun satışına əlavə şəxsləri cəlb edir. Cəlb etdiyi hər şəxsə görə əlavə faiz alır, cəlb olunanlar da yeni insanlar şirnikləşdirməklə asan yolla qazanc əldə etməyə çalışırlar. Nəticədə, piramidanın başında olan şəxslər külli miqdarda qazanc əldə etsələr də, aşağıda olanlar fırıldaqçılığın qurbanına çevrilirlər.
Türkiyədə aparılan araşdırmalar zamanı bəlli olub ki, piramida sistemi ilə qurulan şəbəkə biznesində üzvlərin 83 faizi uduzur, yalnız 17 faizi udur. Udanlar şəbəkə biznesinin başında duran dələduzlar, uduzanlar isə onlara aldanmış sadə vətəndaşlardır. Türkiyədə, təqribən, 20 min insanın hər birindən müəyyən məbləğdə pul alan belə “şirkətlərdən” birinin üst-üstə 15 milyon ABŞ dollarına qədər vəsaiti mənimsədiyi bəlli olub. Məhkəmə zamanı insanlardan 570 dollarla 2500 dollar arasında pul alındığı açıqlanıb.
Daxil olan məlumat əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, son vaxtlar Naxçıvanda da bir neçə gənc sosial şəbəkələrdə aldadılaraq şəbəkə ticarətinin qurbanına çevrilib. Xidmətdən verilən məlumata görə, “Nwork” və “Jeunesse” adlı firmalar belə şəbəkələr yaradaraq gəncləri, xüsusən tələbələri müxtəlif üsullarla aldadır və özlərinə cəlb edirlər. Həmin gənclərdən biri olan Fəridə Həsənova (ad şərtidir) deyir ki, onun kimi bir neçə rəfiqəsi də firmaya qeydiyyat üçün 250 dollar ödəyib. Bundan sonra firma gənclərin hər birinə altı ədəd tərkibi bəlli olmayan kosmetik krem göndərir. Gənclərə tapşırılır ki, həmin kremi ən azı 90 manata satsınlar. Üstəlik, həmin gənclərə qazanclarına 15 faiz əlavə olunmaq şərti ilə yeni gənc qız və oğlanları da tapıb bu işə qoşmaları tapşırılır. Yəni hər qoşulan 250 dollar ilkin ödəniş edir, başda dayanan firma sahiblərinin cibi dolur, lakin ehtiyacları olan tələbələr, gənclər aldadılır.
Məsələnin acınacaqlı tərəfi budur ki, aralarında daha çox tələbələrin olduğu bu gənclərin valideynləri həmin kremləri borc pul taparaq sifariş ediblər. Bu kremlər isə 3 aydır ki, pul ödəyən gənclərə göndərilməyib, dələduzluq yolu ilə pullar mənimsənilib.
Üstəlik, bundan əvvəl həmin şirkətlər tərəfindən satış üçün göndərilən kremlər də baha olduğundan satılmayıb. Təbii ki, məqsəd burada mal satmaq yox, piramida üsulu ilə insanları bu “biznesə” qoşmaq, hər kəsi öz yaxın ətrafını bu fırıldağa cəlb etməklə şəbəkəyə daxil etməkdir.
Həsən Kərimov adlı gənc (ad şərtidir) deyir ki, əvvəlcə sosial şəbəkələrdə tanımadığınız, ya da elə şəxsən tanıdığınız biri sizi aldadıb şirin vədlərlə sistemə üzv etməyə çalışır. Üzv olmaq məqsədilə şirkətə məxsus hansısa zinət əşyası, yaxud sağlamlıq üçün lazım olan məhsul, ya da hansısa ölkədəki hotel xidmətini sifariş verməyinizi tələb edir. Həm də bunların sizə çox ucuz qiymətə başa gəldiyi deyilir. Yalnız real qiymətindən 5-10 dəfə baha olan bu məhsulları pul verib aldıqdan sonra şirkətə üzv ola bilirsiniz. Sonra özünüz üçün yeni-yeni üzvlər yazdırmalısınız ki, onlar vasitəsilə pul qazana biləsiniz. Məsələn, min manat verib 1 qızıl zinət əşyası alırsınız, sonra 2 nəfər yazdırırsınız, həmin adamlar da məhsul alırlar. Beləliklə, 2 nəfərdən 250 manat əldə edirsiniz. Sonra həmin 2 nəfər hər biri 2 nəfər yazdırdıqda əlavə 250 manat da qazanırsınız. Beləcə, sizə daha çox adam cəlb etməklə daha çox qazanacağınız vədi verilir. Təbii ki, siz də bu şirin vədlərə aldanaraq şəbəkə biznesinə qoşulursunuz. Düşünürsünüz ki, tanışlarınız çox olduğuna görə sizə insanları bu şəbəkəyə qoşmaq üçün bircə ay kifayətdir. Beləcə, sizi sosial şəbəkələrdə pul qazanmağa şirnikləndirənlər istəklərinə nail olurlar.
“Hətta, elə adamlar tanıyıram ki, bu şirkətlərə qoşulmaq üçün bankdan faizlə götürdükləri borcu 2 il müddətinə güclə qaytardılar. İnternet vasitəsilə aldığın malı da bazarda satmaq istəyəndə ona 3-4 dəfə ucuz qiymət qoyurlar deyə, satmağa əlin gəlmir. Üzümü gənclərə tutub deyirəm ki, mənim düşdüyüm tələyə düşməyin, belə saxtakarlara aldanmayın”, – deyə Həsən bildirir.
Qeyd edək ki, şəbəkə biznesi ilk dəfə ABŞ-da yaranaraq sonradan dünyanın müxtəlif ölkələrində yayılıb. Amma şəbəkə biznesində iştirak edənlərin böyük bir qisminin biznesi təşkil edənlər tərəfindən aldadılması və eyni zamanda sözügedən biznesdə iştirak edənlərin əksəriyyətinin zərərə düşməsi səbəbindən ABŞ-da bu fəaliyyət növü qadağan edilib. Bir müddət sonra inkişaf etmiş ölkələrdə də şəbəkə biznesi birmənalı şəkildə insanların aldadılmasına gətirib çıxardığından qadağa qoyulub.
Onda sual olunur: Əgər hesabların, sifarişlərin internet üzərindən aparıldığı bu fırıldaq biznesi “ixtira” edənlər ondan imtina ediblərsə, biz niyə hansısa dəllal və fırıldaqçının toruna düşməliyik?!
© Naxcivantv
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 2 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb























